Azərbaycanda həyat sığortası bazarı 26 % böyüyüb

Maliyyə
  • 21 yanvar, 2022
  • 08:46
Azərbaycanda həyat sığortası bazarı 26 % böyüyüb

2021-ci ildə Azərbaycanda həyat sığortası üzrə 383,108 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.

Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği isə 239,786 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,3 % azdır.

Ötən il həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 93,2 manat olub.

Azərbaycanda 5 sığorta şirkəti (“Qala Həyat”, "Paşa Həyat Sığorta", "Xalq Həyat", "Meqa Həyat" və "Atəşgah Həyat") həyatın yığım sığortası üzrə xidmətlərin göstərilməsinə dair lisenziyaya malikdir.

Xatırladaq ki, həyatın yığım sığortası sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır (“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.24.).

Qanunun 14-cu maddəsinə əsasən həyat sığortasının 5 sinifi mövcuddur: həyatın ölüm halından sığortası, həyatın yaşam sığortası, annuitet sığorta, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və sağalmaz xəstəliklərdən sığorta.

Həyatın yaşam sığortası həyatın yığım sığortasına aiddir. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası sinifidir.

Sadə dildə desək, şəxs həyat sığorta şirkəti ilə 3 illik (36 aylıq) həyatın yaşam sığortası müqaviləsi bağlayır və razılaşır ki, hər ay sığortaya 300 manat pul köçürəcək. 3 ilin sonunda yığılacaq məbləğ 300*36=10 800 manat təşkil edir. Bu məbləğ müqavilə bağlanan zaman sığorta müqaviləsində qeyd edilir və 3 il müddəti ərzində sığortalanan şəxs vəfat edərsə bu məbləğ onun ailə üzvlərinə ödənilir, yox əgər sağ qalarsa bu məbləği şəxs özü götürür. Adətən qeyd olunan məbləğin üzərinə əlavə investisiya faizləri də gəlir.

Son xəbərlər

Bütün Xəbər Lenti