Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti başa çatır

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti başa çatır
Maliyyə
398
3 Mart , 2020 11:18
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti başa çatır
stock.adobe.com
0 : 00
0 : 00

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun sabahdan qüvvədən düşür.

“Report” xəbər verir ki, əgər qanunun müddəti uzadılmasa bundan sonra ölkədə yalnız 30 min manata qədər əmanətlər sığortalı olacaq (manatla yerləşdirilmiş əmanətlərinin illik faiz dərəcəsinin 10%-dən, ABŞ dolları ilə yerləşdirilmiş əmanətlərin isə illik faiz dərəcəsinin 2,5%-dən çox olmaması şərtdir).

Başqa sözlə, 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minəcək.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb.

Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. Məsələn, bu il fevralın 1-nə bu rəqəm 8,6 milyard manat təşkil edib. “Report” hesab edir ki, azalmaya səbəb “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin yenidən uzadılmayacağı barədə gözləntilərdir. Məsələ ondadır ki, qanunla bağlı qərar verməli olan Azərbaycan parlamenti ötən ilin noyabr ayında buraxılıb və ölkədə növbədənkənar seçkilər keçirilib. Yeni tərkibli parlamentin isə yaxın günlərdə işə başlaması gözlənilmir.