Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2024-cü ildə 2,2 %-ə, 2027-ci ildə isə 1,9 %-ə enməsi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat, 2025-ci ildə - 2 milyard 891,5 milyon manat, 2026-cı ildə - 2 milyard 379,8 milyon manat, 2027-ci ildə isə - 2 milyard 589,8 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2024-cü ildə kəsirin maliyyələşmə mənbəyi olaraq xarici və daxili borclanmanın payının 62,2 %, ortamüddətli dövrün sonunda isə 42,5 % təşkil edəcəyi gözlənilir. Eyni zamanda, gələn ildə imzalanmış layihələr üzrə cəlb edilən kreditlərin büdcə kəsirinin maliyyələşdirilməsində payının 9,4 %-ə artacağı, dövrün sonuna isə 46,3 %-ə çatacağı proqnozlaşdırılır.