Azərbaycanda bankların aidiyyəti şəxslərinə verilən kreditlərin şərtləri dəyişib

Maliyyə
  • 18 sentyabr, 2024
  • 13:00
Azərbaycanda bankların aidiyyəti şəxslərinə verilən kreditlərin şərtləri dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra aidiyyəti şəxslərə qarşı kredit tələbləri müəyyənləşdirilərkən aşağıdakı kredit tələbləri nəzərə alınmayacaq:

- kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsi;

- müxbir hesab qalıqları (yerli banklar, habelə beynəlxalq nüfuzlu reytinq agentliklərinin ("Standard & Poor`s", "Fitch", "Moody`s") verdiyi minimum investisiya reytinqinə malik banklar olduqda);

- banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey).

Aidiyyəti şəxslərə qarşı kredit tələbləri müəyyənləşdirilərkən balansdankənar öhdəliklərin aşağıdakı hissəsi də nəzərə alınacaq:

- müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklərin 10 (on) faizi;

- müddəti bir ilədək olan balansdankənar öhdəliklərin 20 %-i;

- müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin 50 %-i;

- kredit xətləri, bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər tam məbləğdə.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Xatırladaq ki, banka aidiyyəti olan şəxslər- Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, o cümlədən bankın struktur bölməsinin rəhbəri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi, həmin şəxslərlə Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 % payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər. Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi, habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunur.