Azərbaycanda bank nəzarətinin gücləndirilməsinə dair tədbirlər müzakirə olunub

Azərbaycanda bank nəzarətinin gücləndirilməsinə dair tədbirlər müzakirə olunub Gələcəkdə Azərbaycanla əməkdaşlıq Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcək
Maliyyə
11 Mart , 2015 18:15
Azərbaycanda bank nəzarətinin gücləndirilməsinə dair tədbirlər müzakirə olunub

Bakı.11 mart.REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, görüş zamanı DB-nın Azərbaycanda maliyyələşdirdiyi cari layihə portfeli və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə əlaqədar olaraq növbəti iki il üzrə mümkün maliyyələşmə proqramı, eləcə də bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair məlumat verib.

Qonaq nümayəndə heyətinin rəhbəri H.Kerali gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nın yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirib.

Görüşdə həmçinin Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi