Azərbaycanda I yarımildə orta illik inflyasiya 6 % olub

Maliyyə
  • 10 iyul, 2025
  • 12:25
Azərbaycanda I yarımildə orta illik inflyasiya 6 % olub

Bu ilin I yarısında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında istehlak qiymətləri 2024-cü ilin eyni ayına nisbətən 6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7 %, qeyri-qida məhsulları üzrə 2,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,2 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 % azalıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,2 % azalıb.

İyunda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın, ucuzlaşma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % artıb. Qeyri-qida mallarından daha çox artım divar kağızlarının, boyaların, şəxsi gigiyena məmulatlarının, azalma isə kəsilmiş taxtanın, laminat parketin, yumşaq mebelin və ortopedik döşəklərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə maya nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti