Azərbaycan şirkəti manatla, illik 12,5% gəlirliliyə malik istiqraz buraxır

Azərbaycan şirkəti manatla, illik 12,5% gəlirliliyə malik istiqraz buraxır Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” MMC “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Maliyyə
22 Sentyabr , 2020 10:43
Azərbaycan şirkəti manatla, illik 12,5% gəlirliliyə malik istiqraz buraxır
0 : 00
0 : 00

Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” MMC “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

“Report”un əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan (2,5 milyon manatlıq) gedir.

Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).

Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.

Son xəbərlər

Orphus sistemi