“Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA Dünya Bankı Qrupuna daxildir) ianə ayırması ilə bağlı götürdüyü öhdəliyin icrasına 2021-ci ildən başlayacaq və bəyan edilmiş vəsaiti növbəti 3 il ərzində - 2021, 2022 və 2023-cü illərdə köçürəcək”.
Bunu "Report"un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, BİA ən zəif inkişaf etmiş ölkələrdə ifrat yoxsulluqla mübarizə üçün dünyada ən iri və səmərəli platformalardan biridir. BİA maliyyə resurslarını ən ehtiyacı olan ölkələrə güzəştli kredit və ya qrant şəklində təqdim edir.
“Ölkəmizin də edəcəyi maliyyə töhfəsi hesabına formalaşacaq resurslar daha çox iş yerlərinin yaradılması və iqtisadi transformasiya, iqlim dəyişikliyi, münaqişə və zorakılıq, dövlət idarəçiliyi və institutlar, gender və inkişaf kimi sahələrə yönəldiləcəkdir”, - Nazirlik rəsmisi əlavə edib.
M.Piriyev deyib ki, koronavirusa qarşı mübarizə çərçivəsində kasıb ölkələrin ehtiyaclarının ödənilməsi ilə əlaqədar vəsait toplanmasına dair BİA tərəfindən donor ölkələrə hər hansı müraciətlə bağlı bizdə məlumat yoxdur: “Bununla belə Azərbaycan koronavirusla mübarizə üzrə beynəlxalq səylərə istər çoxtərəfli, istərsə də ikitərəfli formatda öz töhfəsini aktiv şəkildə verir. Bu çərçivədə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərmiş, bununla yanaşı, bir sıra ehtiyacı olan olkələrə maliyyə və maddi yardımlar göstərməkdədir”.