Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl maliyyə" taksanomiyasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl təqdim etməyi nəzərdə tutur.
“Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində bank sektoru üçün müxtəlif təqdimatlar keçiriləcək.
Sədr qeyd edib ki, bu il maliyyə sektoruna yeni təlimatlar təqdim olunub: "Xüsusilə banklar üçün yeni təlimatlar hazırlanıb. Burada əsas məqsəd maliyyə risklərinin tənzimlənməsidir. Banklar ESG tələblərini öz strategiyalarında, biznes modellərində, Korporativ İdarəetmə strategiyalarında və risk menecment siyasətində məcburi şəkildə icra etməlidirlər".