AMB "E-manat"ın lisenziyasının qüvvəsini onun öz istəyi ilə məhdudlaşdırıb

Maliyyə
  • 18 iyul, 2025
  • 12:02
AMB E-manatın lisenziyasının qüvvəsini onun öz istəyi ilə məhdudlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Qurum xatırladıb ki, lisenziya "ödəniş əməliyyatının ekvarinqi" və "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" fəaliyyəti üçün verilib.

Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" üzrə ödəniş xidməti ləğv edilib. "Modenis" fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27 qalıb. Hazırda 17 şirkət elektron pul təşkilatı, 8 şirkət ödəniş təşkilatı, "AzəriCard" və "Millikart" MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalara malikdir.