Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu təqribən 15 % artıb
- 29 may, 2023
- 09:39
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 milyard 005,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 4,1 %, 2022-ci ilin mayın 1-i ilə müqayisədə 14,7 % çoxdur.
Kredit qoyuluşunun 16 milyard 307,5 milyon manatı və yaxud 77,6 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 14,5 % çoxdur.
Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu 4 milyard 072,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 13,2 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,6 %-dən 19,4 %-ə enib.
Bu il aprel ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 626,3 milyon manat olub. Bu, illik müqayisədə 30,6 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 3 %-ə çatıb.
Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.