Bu ilin I yarısında Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 3 milyard ABŞ dolları, investisiyanın repatriasiyası isə 3,4 milyard ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə xaricə yönəldilmiş birbaşa investisiyalar təxminən 1 milyard ABŞ dolları olub.
O bildirib ki, hesabat dövründə Azərbaycana yatırılan birbaşa xarici investisiyanın top 5-liyinə Birləşmiş Krallıq (913 ABŞ milyon dolları), Türkiyə (622,5 ABŞ milyon dolları), Kipr (372,8 ABŞ milyon dolları), BƏƏ (236,5 ABŞ milyon dolları) və İran (184 ABŞ milyon dolları) daxil olub.
6 ayda Azərbaycandan birbaşa xarici investisiyalar əsasən BƏƏ-yə (397 ABŞ milyon dolları), Türkiyə (108 ABŞ milyon dolları), Özbəkistana (67 ABŞ milyon dolları), Gürcüstan (65 ABŞ milyon dolları) və Birləşmiş Krallıqa (51 ABŞ milyon dolları) yönəldilib.