Dünya Bankının Xəzinədarlıq Proqramına sədrlik Azərbaycana keçib

Dünya Bankının Xəzinədarlıq Proqramına sədrlik Azərbaycana keçib Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə Dünya Bankının “Dünya Maliyyəsinin İdarəedilməsi üzrə Təcrübə Mübadiləsi” (PEMPAL) proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib.
Maliyyə
29 mart 2025 12:01
Dünya Bankının Xəzinədarlıq Proqramına sədrlik Azərbaycana keçib

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə Dünya Bankının “Dünya Maliyyəsinin İdarəedilməsi üzrə Təcrübə Mübadiləsi” (PEMPAL) proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib.

“Report”un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu qərar martın 25-28-də Avstriyanın paytaxtı Vyanada PEMPAL proqramının dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclasında qəbul edilib.

Tədbirdə üzv ölkələrin maliyyə nazirləri, dövlət xəzinədarlığının rəhbərləri, Avropa Komissiyası və Dünya Bankının yüksək vəzifəli nümayəndələri, PEMPAL Katibliyinin təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycanı isə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclas çərçivəsində N. Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanda maliyyə sahəsində aparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər vacib məsələlər barədə geniş məlumat verib.

Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib və dövlət fiskal orqanlarının şəbəkəsi kimi fəaliyyət göstərir. Bu platforma Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramın məqsədi dövlət maliyyə idarəetməsi sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, iştirakçı ölkələrin maliyyə qurumlarının əməkdaşlarının peşəkar hazırlığını artırmaqdır. Üzv ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri uğurlu təcrübəni paylaşır və fikir mübadiləsi aparırlar.

Nazim Qasımzadə
Nazim Qasımzadə

Son xəbərlər

Orphus sistemi