“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 39% artıb
- 13 iyul, 2023
- 12:44
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 164,038 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,5 % çoxdur.
Yanvar-iyun aylarında ABB-nin gəlirləri 469,165 milyon manat (illik müqayisədə 39,8 % çox), xərcləri 224,571 milyon manat (39,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 29,79 milyon manat (15,8 % az), mənfəət vergisi ödəmələri isə 50,766 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə ABB-nin aktivləri 11 749,456 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 % azdır. Bunun 3 856,894 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,5 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 5,3 % azalaraq 9 963,513 milyon manata, o cümlədən depozit portfeli 6,5 % azalaraq 8 524,966 milyon manata düşüb, balans kapitalı isə 14,5 % artaraq 1 785,942 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.