“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 32,395 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 51,049 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında ABB-nin gəlirləri 136,233 milyon manat (illik müqayisədə 2% az), xərcləri 72,324 milyon manat (14,1% çox), xüsusi ehtiyatlara ayırmaları 22,514 milyon manat (8,4% az), mənfəət vergisi ödəmələri isə 9 milyon manat (1 il əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə ABB-nin aktivləri 9 155,625 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% çoxdur. Bunun 2 405,885 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,5% böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 4,1% artaraq 7 788,981 milyon manata, o cümlədən depozit portfeli 6,6% artaraq 5 703,151 milyon manata çatıb, balans kapitalı isə 2,5% azalaraq 1 366,644 milyon manata düşüb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.