Azərbaycan banklarına qoyulan depozitlər 10 %-dən çox artıb

Maliyyə
  • 28 iyun, 2023
  • 08:20
Azərbaycan banklarına qoyulan depozitlər 10 %-dən çox artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu ilin iyunun 1-nə 35 milyard 393,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % çox, ilin əvvəlinə nisbətən 2,4 % az, 2022-ci ilin iyunun 1-i ilə müqayisədə isə 10,5 % çoxdur.

Bunun 57,2 %-i, yaxud 20 milyard 261,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,1 % artaraq 12 milyard 400,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 17,7 % artaraq 2 milyard 730,8 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 812,5 milyon manatı (il ərzində 5,3 % artıb) qısamüddətli, 11 milyard 580,6 milyon manatı (23 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 24 bank fəaliyyət göstərir.