"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 16 yanvar, 2026
  • 09:31
Azər-Türk Bank maliyyə vəziyyətini açıqlayıb

"Azər-Türk Bank" ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52,5 % və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "Azər-Türk Bank"ın gəlirləri 165,089 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), xərcləri 143,184 milyon manat (25,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,285 milyon manat (65,1 % çox), mənfəət vergisi ödəmələri isə 3,49 milyon manat (39,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azər-Türk Bank"ın aktivləri 2 milyard 188,501 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Bunun 767,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % kiçilib.

Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 4,7 % artaraq 2 milyard 71,053 milyon manata, o cümlədən depozit portfeli 6,5 % artaraq 1 milyard 554,18 milyon manata, balans kapitalı isə 10 % artaraq 117,448 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 100,5 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti