Argentina fiziki şəxslər üçün valyuta məhdudiyyətlərini aradan qaldırır

Argentina fiziki şəxslər üçün valyuta məhdudiyyətlərini aradan qaldırır Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (IMF) ilə yeni razılaşma əldə etdikdən sonra aprelin 14-dən valyuta məhdudiyyətlərinin bir hissəsini aradan qaldırır.
Maliyyə
12 aprel 2025 04:22
Argentina fiziki şəxslər üçün valyuta məhdudiyyətlərini aradan qaldırır

Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (IMF) ilə yeni razılaşma əldə etdikdən sonra aprelin 14-dən valyuta məhdudiyyətlərinin bir hissəsini aradan qaldırır.

“Report” xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo məlumat verib.

“Bu bizə bazar ertəsindən etibarən 2019-cu ildə tətbiq edilən və iqtisadiyyatın normal fəaliyyətini məhdudlaşdıraraq bu qədər zərər vuran valyuta nəzarətinə son qoymağa imkan verəcək”, – o, mətbuat konfransında bildirib.

Argentina Mərkəzi Bankının məlumatına görə, hökumətin iqtisadi proqramının yeni mərhələsində “dolların məzənnəsi 1 000-dən 1 400 pesoya qədər dəyişə biləcək”. Bu diapazon ayda 1 % genişlənəcək.

“Fiziki şəxslər üçün valyuta məhdudiyyətləri aradan qaldırılır, xarici səhmdarlara mənfəətin bölüşdürülməsinə icazə verilir”, – tənzimləyici qurum bildirib.

Valyuta məhdudiyyətləri valyuta ehtiyatlarının çatışmazlığı səbəbindən keçmiş prezident Maurisio Makrinin hökuməti tərəfindən 2019-cu ilin sentyabrında tətbiq edilmişdi. Ölkədə bir neçə məzənnə növü mövcuddur. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnə 1 dollar üçün 1 097 peso, birja məzənnəsi 1 dollar üçün 1 330 peso, “qara bazar” məzənnəsi isə 1 375 pesodur. Fiziki şəxslərə ayda 200 dollardan çox almağa icazə verilmirdi.

Orphus sistemi