“AniPay” vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılıb

“AniPay” vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılıb Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il istifadəyə verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir
Maliyyə
3 İyun , 2021 14:57
“AniPay” vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il istifadəyə verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində, ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq məlumatlarının əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar yaradılıb.

Hazırda "AFB Bank", "Azər-Türk Bank" və "Unibank" ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin müştəriləri cari və ödəniş kartı hesabları üzrə, "Bank Avrasiya", "Bank BTB", "Bank Respublika", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "Premium Bank" və "Turan Bank" ASC-lərin müştəriləri isə cari hesablar üzrə sistemin qeyd edilən funksionallıqlarından yararlana bilər. Eyni zamanda, müştərilər AÖS-ün “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.

Hazırda 20 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi