Xüsusi tənzimləmə rejimi maliyyə institutlarına və "Fitnech" şirkətlərinə maliyyə məhsullarını və xidmətlərini məhdud zaman çərçivəsində və nəzarət altında real test rejimində sınaqdan keçirməyə şərait yaradır.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
"Yeni məhsulun bazara daxil olması üçün tələb olunan müddətin azaldılması ilə maliyyə bazarlarında innovasiyalar və rəqabət təşviq edilir", - deyə o qeyd edib.
***
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, xüsusi tənzimləmə rejimi innovativ məhsul istehsalçıları üçün əlçatan, təhlükəsiz, sərfəli olmalı, innovativ məhsullar isə real vaxt rejimində sınaqdan keçirilmək üçün hazır olmalıdır.
"Mövcud qanunvericilik, prudensial normativlər və tələblər innovativ məhsullara qismən aid edilməlidir. İnnovativ məhsulların ölkədə tətbiqi planlaşdırılmalı, maliyyə bazarlarında potensial sistem riskləri, cinayət yolu ilə əldə edilmiş əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə imkanlar yaratmamalıdır. Tətbiq üçün yetərli maliyyə və insan resursları, habelə zəruri infrastruktur olmalıdır", - deyə Z.Əliyev əlavə edib.