AMB xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib

Maliyyə
  • 01 oktyabr, 2024
  • 06:12
AMB xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, rezident və qeyri-rezidentlərə Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr zamanı bank hesablarından xarici valyutada köçürmələrə icazə verilib. Belə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə, bir investora təqvim ili ərzində cəmi məbləği 100 min ABŞ dollarından çox olmamaqla aparılacaq.

Bundan başqa, rezident və qeyri-rezidentlərə elektron ticarət platformaları vasitəsilə xaricdən alınmış malların dəyərinin üçüncü şəxsin, o cümlədən “Elektron ticarət haqqında” qanununa əsasən elektron sənəd dövriyyəsi vasitəçisinin ödəniş hesabında toplanmaqla həmin şəxsin ödəməsi zamanı da bank hesablarından xarici valyutada köçürmələrə icazə verilib.

Belə ödənişlər üçüncü şəxslə müvafiq xarici elektron ticarət platforması (platformanın operatoru olan şəxs və ya digər səlahiyyətli şəxs) və ya xarici satıcı arasında bağlanan müqavilə, malların ölkəyə idxalını təsdiq edən elektron ticarət platformasının bildirişi, elektron ticarət platforması vasitəsilə malların dəyərinin ödənilməsini təsdiq edən müvafiq sənədlər və malları alan şəxsləri eyniləşdirməyə imkan verən məlumatlar təqdim edilməklə həyata keçirilir. Köçürmələri həyata keçirən bank müvafiq üçüncü şəxsin bu Qaydalarla müəyyən edilmiş valyuta rejiminə əməl etməsinin yoxlanılmasına dair daxili nəzarət və risklərin idarə edilməsi mexanizmlərinə malik olmalıdır.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti