Bakı. 27 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankı (AİB) Yaşıl İqlim Fondundan (YİF) maliyyə almaq üçün akkreditasiyadan keçib.
Bankın Bakı ofisindən "Report"a verilən məlumata görə, AİB bu vəsaiti inkişaf etməkdə olan üzv ölkələrin iqlim dəyişikliyinin azaldılması və uyğunlaşmanı artırmaq üçün həyata keçirəcəyi layihələrə xərcləyəcək.
AİB prezidenti Takehiko Nakao bildirib ki, YİF-dən aldıqları kreditlər Asiya və Sakit Okean regionuna qoyulan investisiyaların həcmini artıracaq: "Uğurlu maliyyələşdirmə dekabrda Parisdə baş tutacaq UNFCCC iqlim sammitində bağlanacaq müqavilə üçün təkan olacaq".
T.Nakao ilin sonuna qədər rəsmi razılaşmanın imzalanacağına ümid bəslədiklərini açıqlayıb.
AİB-in yaydığı məlumata görə, hazırda Asiyada kənd təsərrüfatından asılılıq artmaqda, sürətli şəhərləşmə davam etməkdədir. Bölgənin uyğunlaşma xərcləri 2050-ci ilə qədər 70-100 mlrd. dollar civarında müəyyən edilib. Bundan başqa, qurum səylərin davam etdirilməyəcəyi təqdirdə regionda istixana qazının atmosferə buraxılma həcminin 2010-cu ilə nisbətən 2035-ci ildə 37%-dən 46%-ə yüksələcəyini ehtimal edir.