Bakı. 14 noyabr. REPORT.AZ/ "AGBank" ASC-nin aktivləri əvvəlki rübün yekunu ilə müqayisədə 12,6% azalaraq 2016-cı il oktyabrın 1-nə 506 807,84 min manat təşkil edib.
"Report"un Bankın maliyyə hesabatına istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 13,5% azalaraq 295 088,6 min manata enib. Cari il oktyabrın 1-nə kredit portfelinin 40,1%-nin və ya 118 252,5 min manatının ödəniş vaxtı keçib. Vaxtı keçmiş kreditlərin həcmi əvvəlki rübün yekunu ilə müqayisədə 13,6% artıb.
Cari il oktyabrın 1-nə Bankın depozit portfeli 25,6% azalaraq 210 859,5 min manat təşkil edib ki, bunun da 187 552,1 min manatı və ya 89%-i xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) "AG Bank"a qarşı tələbləri rüblük müqayisədə dəyişməyərək 45 mln. manat olub.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 51,1 mln. səhm əsasında formalaşıb. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqori Marçenkoya, 5,79%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.