ADB Qafqaz və Mərkəzi Asiya ölkələri, Monqolustan üçün yeni texniki yardım layihəsini təsdiqləyib
- 12 noyabr, 2026
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Beynəlxalq Valyuta Fondu (IMF) ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə yönəlmiş texniki yardım layihəsini təsdiqləyib.
"Report" ADB-ə istinadən xəbər verir ki, ayrılmış resurslar Almatıda yerləşən Qafqaz və Mərkəzi Asiya ölkələri, eləcə də Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) fəaliyyətinin ikinci mərhələsinin təmin edilməsinə yönəldiləcək.
Layihə sənədlərinə əsasən, ikinci mərhələ 2027-ci ildən 2032-ci ilə qədər olan dövrü əhatə edir. CCAMTAC mərkəzi 9 iştirakçı ölkə: Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan üçün texniki yardım göstərir, eləcə də təlim proqramları təşkil edir.
Mərkəzin fəaliyyətinin əsas istiqamətləri makroiqtisadi və maliyyə idarəçiliyini, eləcə də iqtisadiyyatın prioritet sahələrində peşəkar baza bacarıqlarının formalaşdırılmasını əhatə edir.
Maliyyələşdirmə mənbəyi kimi Xüsusi Texniki Yardım Fondu çıxış edir, onun vəsaitlərindən ADB Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın hər birinə 10 min ABŞ dolları, habelə Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistanın hər birinə 237,5 min ABŞ dolları təqdim edib. Ümumilikdə, ADB tərəfindən bütün doqquz dövlət üzrə yönəldilmiş vəsaitlərin həcmi 1 milyon ABŞ dollarına çatır.
Bu layihə 2021-2026-cı illərdə həyata keçirilmiş təşəbbüsün davamıdır. Birinci mərhələ büdcə və pul-kredit siyasətinin proqnozlaşdırılması üçün makroiqtisadi modellərin təkmilləşdirilməsinə, dövlət maliyyəsinin idarə edilməsinə, vergi inzibatçılığına, valyuta bazarındakı əməliyyatlara, maliyyə tənzimlənməsinə və real sektorun statistikasına həsr olunmuşdu. Birinci mərhələdə, mərkəzin ümumi büdcəsi 45 milyon ABŞ dolları olduğu halda, ADB-nin töhfəsi 800 min ABŞ dolları təşkil edib.
Texniki yardımın yeni mərhələsi iştirakçı dövlətlərdə institusional potensialın artırılmasına və iqtisadi idarəetmənin keyfiyyətinin yüksəldilməsinə, həmçinin dəlillər bazası və ən yaxşı dünya təcrübələri əsasında iqtisadi siyasət tədbirlərinin formalaşdırılması prosesinin təkmilləşdirilməsinə kömək edəcəyi gözlənilir.