ADB Azərbaycanda pərakəndə satış şirkətinin fəaliyyətinin genişləndirilməsi üçün 10,5 milyon dollar ayırıb
- 27 noyabr, 2024
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) "Araz Supermarket" LLC-yə ("Veyseloğlu Group"a daxildir) fəaliyyətinin genişləndirilməsi üçün 10,5 milyon ABŞ dolları məbləğində maliyyə paketi ayırıb.
Bu barədə “Report” bankın məlumatına istinadən xəbər verir.
Maliyyə paketi 10 milyon ABŞ dolları məbləğində kredit və 500 min ABŞ dolları məbləğində qrantdan ibarətdir.
Kredit vəsaitləri quru anbarın genişləndirilməsinə, Bakı və ətraf ərazilərdə yeni ticarət nöqtələrinin açılmasına yönəldiləcək.
"Layihənin həyata keçirilməsi “Araz”ın təchizat zəncirinə 200-ə yaxın yerli fermerin cəlb edilməsinə, 3,5 min yeni iş yerinin açılmasına imkan verəcək. Bundan əlavə, yeni obyektlərdə soyutma, dondurma və işıqlandırma üçün enerjiyə qənaət edən avadanlıqlardan istifadə ediləcək ki, bu da ildə təxminən 673 ton karbon qazı emissiyasını azaldacaq", - bank qeyd edir.
Qrant vəsaitləri Azərbaycanın bölgələrində meyvə, qoz-fındıq və tərəvəz yetişdirən 750 kiçik fermerin dəstəklənməsinə yönəldiləcək.
"Azərbaycanda fermerlərin əksəriyyəti kiçik torpaq sahibləridir, onların çox vaxt etibarlı alıcıları və sabit gəlirləri yoxdur, bu isə iqlim təsirlərinə uyğunlaşma metodlarına investisiya qoyuluşunu çətinləşdirir. İqlimin dəyişməsi temperaturun yüksəlməsinə, su çatışmazlığına, torpaqda şoranlığın artmasına, eləcə də yeni zərərvericilərin və xəstəliklərin yaranmasına səbəb olur ki, bunun nəticəsində də kiçik fermer təsərrüfatları məhsuldarlıq və gəlir baxımından daha böyük problemlərlə üzləşirlər", - məlumatda qeyd olunub.
2011-ci ildə yaradılmış "Araz Supermarket" Azərbaycan üzrə 250 supermarketin idarəçiliyini həyata keçirir və gündəlik təxminən 0,5 milyon müştəriyə xidmət göstərərək qida məhsullarının pərakəndə satışı bazarında liderdir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Fəaliyyət göstərdiyi 25 il ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb.