Bakı. 19 yanvar. REPORT.AZ/ "Hazırlığa 3 gündür başlamışıq. Avropa çempionatında iştirak edəcəyik. Yaxşı qrupda mübarizə aparacağıq. İspaniya və Fransa ilə qarşılaşacağıq. Çox maraqlı olacaq".
"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futzalçısı Vitali Borisov Sloveniyanın paytaxtı Lyublayanada keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib. Təcrübəli oyunçu bildirib ki, qrupdakı rəqiblərdən İspaniya dünyanın ən yaxşı yığmalarından biridir, Fransa isə Xorvatiyanı turnirdən kənarda qoyub: "Bu səbəbdən, hər iki komanda güclü komanda hesab olunmalıdır. Avropa çempionatında zəif komanda olmur. Qruplardakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Oyunlara çıxanda hər şey bəlli olacaq. Hamı bir-birindən xal ala, uda da, uduza da bilərlər".
Borisov çempionata yaxşı hazırlaşdığını da əlavə edib: "Çıxış etdiyim Serbiyanın "Ekonomats" klubundan xahiş etdim ki, məni tez buraxsınlar. Rəhbərlik də icazə verdi. Üç gün əvvəl Bakıya gəldim və məşqlərə qoşuldum".
Qeyd edək ki, Avropa çempionatı yanvarın 30-dan fevralın 10-dək davam edəcək.