"Sabah"ın basketbolçusu: "Buranı özüm üçün tramplin hesab edirəm"

"Sabah"ın basketbolçusu: "Buranı özüm üçün tramplin hesab edirəm" Azərbaycan millisinin və "Sabah" klubunun basketbolçusu Beray Taşerin "Report"a müsahibəsi
Komanda
3 Fevral , 2023 15:52
Sabahın basketbolçusu: Buranı özüm üçün tramplin hesab edirəm

Azərbaycan millisinin və "Sabah" klubunun basketbolçusu Beray Taşerin "Report"a müsahibəsi

- Əvvəlcə "Sabah"a keçidinizdən başlayaq. Bu komandaya transferiniz necə baş tutdu?

- Hər şey bir anda oldu. "Kocaeli BB Kağıtspor"da heyətə düşə bilmədiyim üçün komandamı dəyişmək qərarına gəldim. Daha sonra "Sabah" variantı üzə çıxdı. Danışıb razılaşdıqdan sonra buraya gəldim.

- "Sabah"a keçməkdə əsas hədəfiniz nədir?

- Buranı özüm üçün tramplin hesab edirəm. Məhz bu səbəbdən hazırda "Sabah"dayam. Amma sonunda necə olacaq, onu bilmirəm. Hər şey şansdan asılıdır.

- Azərbaycan Basketbol Liqasının səviyyəsi haqqında nə düşünürsünüz?

- Yalnız müsbət fikirlər söyləyə bilərəm. Hazırkı mənzərə məni qane edir. Fasilədən sonra ilk mövsüm olduğunu nəzərə alsaq, hər şey yaxşıdır. Zaman keçdikcə səviyyənin daha da artacağını düşünürəm.

- Azərbaycan və Türkiyə basketbolunu necə müqayisə edərdiniz? Fərq çox böyükdür?

- Əlbəttə, səviyyə fərqi var. Amma təşkilatçılıq yaxşı olsa və federasiyadan daim dəstək gəlsə, vaxt ötdükcə keyfiyyət artacaq.

- Hər basketbolçunun arzusu NBA-da oynamaqdır. Sizin də belə bir istəyiniz varmı?

- Hədəfim karyeramı Avropada davam etdirməkdir. Çoxlarından fərqli, mən NBA-da özümə yer tapacağımı düşünmürəm.

- Basketbolda kumiriniz kimdir?

- Kanadalı Kevin Panqosu qeyd edərdim. Onun oyununu sevə-sevə izləyirəm.

- Azərbaycan milli komandasına nə vaxtdan çağırılırsınız?

- 15 yaşımdan Azərbaycan yığmasında çıxış edirəm.

- Niyə Türkiyə yox, Azərbaycan millisi?

- Türkiyə yığmasına düşmək çətindir. Azərbaycan isə qardaş ölkədir. Ona görə də buranı seçməmək üçün heç bir səbəb görmədim.

Son xəbərlər

Orphus sistemi