Yuxarı

Rəşad Abdullayev: "Əsas hədəfimiz yerli oyunçuların yetişdirilməsidir"

Bu il birinci, ikinci pillələri tutsaq, Premyer Liqaya vəsiqə qazana bilərik

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bu komandanı sadəcə komanda olsun deyə qurmadıq. Məqsədlərimiz böyükdür". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan I divizionunda çıxış edən "Səbail" klubunun Müşahidə Şurasının sədri Rəşad Abdullayev deyib.

O, gələcək oyunlarda komandanın uğur qazanacağına inandığını bildirib: "İlk ev oyununda MOİK-ə qalib gəldik. İnanıram ki, növbəti oyunlarda da qələbə qazanacağıq. Gələn mövsümdə isə Premyer Liqada irəli getməyi hədəfləyirik. Komandaya güvənirik. Əminik ki, komanda bizim inamımızı boşa verməz".

Müşahidə Şurasının sədri Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə heyətdə legioner futbolçuların ola biləcəyini söyləyib. O, Türkiyə, eləcə də digər ölkələrdən futbolçu gətirilməsinin mümkünlüyünü dilə gətirib: "Bu il olmasa da, Premyer Liqada niyə də olmasın? Türkiyədən və digər ölkələrdən futbolçular dəvət edilə bilər. Ancaq əsas hədəfimiz yerli oyunçuların yetişdirilməsidir".

R.Abdullayev atası Rövnəq Abdullayevin AFFA prezidenti olmasına baxmayaraq, bu amilin komandanın nəticəsinə təsir etməyəcəyini deyib: "Elə bir şey ola bilməz. Digər komandalar necədirsə, biz də eləyik. Hər şey şəffaf şəkildə olmalıdır. Bu il birinci, ikinci pillələri tutsaq, Premyer Liqaya vəsiqə qazana bilərik. Alınmasa, divizionda qalacağıq."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi