Azərbaycanda "Rio-2016" Yay Olimpiya Oyunlarına hazırlıq başlayır

Azərbaycanda "Rio-2016" Yay Olimpiya Oyunlarına hazırlıq başlayır Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Komanda
12 Avqust , 2015 18:59
Azərbaycanda Rio-2016 Yay Olimpiya Oyunlarına hazırlıq başlayır

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Olimpiya Hərəkatının hazırkı inkişaf səviyyəsi ölkənin idman sahəsində əldə etdiyi nailiyyətlərdə öz parlaq əksini tapmışdır. Müxtəlif mötəbər yarışlarda, o cümlədən Bakı şəhərində böyük müvəffəqiyyətlə başa çatmış 1-ci Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. Son Yay Olimpiya Oyunlarında on medala layiq görülməyimiz olimpiya idman növlərində yüksək potensiala malik olduğumuzu göstərir.

2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir.

Dövlət başçısı Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alıb ki, Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi