Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış ediblər.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxışında deyib:
- Hörmətli qonaqlar, əziz dostlar, Azərbaycan Cüdo Federasiyasının adından hər birinizi ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən 2018-ci il cüdo üzrə dünya çempionatının açılışı münasibətilə salamlayır, yarış iştirakçılarına uğurlar arzulayıram.
Füsunkar təbiətə və qədim tarixə malik Azərbaycan torpağına xoş gəlmisiniz.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən qayğı gündən-günə artır. Yeni idman kompleksləri tikilir, idmanın maddi-texniki bazası möhkəmləndirilir, bu istiqamətdə böyük layihələr həyata keçirilir. Azərbaycan artıq beynəlxalq qurumların etimadını qazanıb və bir çox mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də bir çox idman növləri üzrə ölkəmizdə keçirilmiş Avropa və dünya çempionatları yüksək təşkilatçılıq səviyyəsi ilə dünya idman ictimaiyyətinin dərin rəğbətini qazanıb.
Biz ilk dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik. Bu böyük etimada görə Beynəlxalq Cüdo Federasiyasına dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu möhtəşəm tədbir respublikamızda cüdonun daha geniş təbliğ olunması baxımından çox böyük əhəmiyyət daşıyacaq. Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindəndir və ölkəmizin bütün bölgələrində cüdo ilə məşğul olurlar.
Əmin olduğumu bildirmək istəyirəm ki, Bakı çempionatı idman həvəskarları üçün möhtəşəm bir bayrama çevriləcək. Azərbaycanın cüdo azarkeşləri ilk dəfə olaraq dünyanın ən güclü cüdoçularının tatamı üzərində mübarizəsini canlı izləmək fürsəti əldə edəcəklər. Şübhə etmirəm ki, çempionatın bütün iştirakçıları bu böyük idman mübarizəsində qazanılan nəticələrdən asılı olmayaraq, Azərbaycandan xoş təəssüratla ayrılacaq, ölkəmiz və xalqımız haqqında xatirələr hər bir cudoçunun yaddaşında silinməz izlər qoyacaq.
Sonda hamınıza unudulmaz anlar, güclü rəqabət və uğurlar arzu edirəm.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək deyib:
- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, hörmətli qonaqlar, xanımlar və cənablar, hörmətli idmançılar və tamaşaçılar.
İcazə verin, Beynəlxalq Cüdo Federasiyası adından və ümumiyyətlə cüdo ailəsi adından Azərbaycan Respublikasına bu mötəbər tədbiri gözəl təşkil etdiyinə görə öz təşəkkürümüzü bildirək. Bakıdakı tədbir doğrudan da çox gözəldir, eyni zamanda, dostluq və qonaqpərvərlik bütün iştirakçıları valeh edir. Azərbaycan yalnız yüksək iqtisadi göstəricilərə malik bir ölkə deyil, eyni zamanda, mədəniyyət, idman, incəsənət və digər sahələrə böyük sərmayələr yatıran bir ölkədir. Bir çox mötəbər idman tədbirlərini, Avropa və dünya çempionatlarını təşkil edən, həmçinin bir çox idman layihələrini həyata keçirən Azərbaycan artıq dünyada inkişafa və firavan yaşayışa töhfə verən bir dövlətdir.
Hər birinizə bu mötəbər yarışlarda uğurlar diləyirəm. Eyni zamanda, ümid edirəm ki, Bakı şəhərindən zövq alacaqsınız, öz mədəniyyətinizlə yerli mədəniyyət arasında mübadilə aparmaq və qarşılıqlı münasibət qurmaq imkanı qazanacaqsınız. Bütün idmançılara və iştirakçılara, hər birinizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır. Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.
14:55
Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Daha sonra qrafik video elementlərdən ibarət videoçarx nümayiş etdirilib.
Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olunub.
Açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır.
Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.
*** 14:27
Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.