Bakı 13 yanvar. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi tərəfindən "Şən və Hazırcavablar klubları"nın Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma Dağlıq Qarabağ Respublikasını təmsil edən 2 komandanın iştirakı ilə bağlı beynəlxalq federasiyaya, eyni zamanda, yarışmanın yayımlandığı telekanala etiraz bildirilib.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu gün beynəlxalq federasiya məsələyə münasibətini açıqlamalıdır: "Ya həmin komandalar Xankəndi adı altında Azərbaycanı təmsil edəcək, ya da yarışdan uzaqlaşdırılmalıdır. Əks təqdirdə Azərbaycan komandası yarışda iştirakdan imtina etmək hüququna malikdir. Bu barədə beynəlxalq federasiya rəhbərliyinə məlumat verilib”.
S.Məmmədova bildirib ki, "Şən və Hazırcavablar Klubu" Azərbaycanın uzun müddət iştirak etdiyi beynəlxalq hərəkatdır və Azərbaycanın bu yarışda kifayət qədər uğurları var.