Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının 38 nəfərdən ibarət böyük heyəti bu gün Yaponiyanın Tokio şəhərinə yola düşüblər.
Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, komandamızı Komitənin prezidenti İlqar Rəhimov, Baş katibi Kamal Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ qaziləri və komitə işçiləri hava limanında yola salıblar. Yolasalma mərasimində Qarabağ qaziləri İlham Əliyev və Elşən Cəbiyev paralimpiyaçılara döyüş yoldaşları adından Azərbaycan bayrağını təqdim edərək milli komandaya uğurlar arzulayıblar.
Qeyd edək ki, komandamızın növbəti heyətləri 22 və 26 avqust 2021-ci il tarixlərində Yaponiyaya yola düşəcəklər.
Azərbaycan Milli Paralimpiya komandası Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə, 47 kateqoriyada rekord sayda - 36 idmançı ilə təmsil edəcək. Oyunlar 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.