Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib

Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Komanda
24 Mart , 2024 15:50
Bakıda Böyük İpək Yolu turnirinin açılış mərasimi keçirilib

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov ABF-in 100 illik yubileyinə təsadüf edən yarışda dünya və Olimpiya çempionlarının mübarizə apardığını deyib. O bildirib ki, Bakıda belə beynəlxalq turnirin keçirilməsi ölkəmizdə boksun, idmanın inkişafının bir təzahürüdür: “Dünyanın ən güclülərinin “Böyük İpək Yolu”na gəlməsi turnirin gələcəkdə daha da böyüməsi, Azərbaycanda boksa marağın artması baxımından çox əhəmiyyətlidir”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Draqolyub Radoviç yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarış martın 28-də başa çatacaq. Turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini yoxlayırlar. Kişi boksçular 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

121 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi