"Azərreyl" qar voleybolu üzrə beynəlxalq yarışlarda da çempion olmağa çalışacaq.
Bunu “Report”un Şahdağa ezam olunan əməkdaşına açıqlamasında "Azərreyl" klubunun prezidenti Ramin Əzizov deyib.
"Azərreyl"in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları qar voleybolu üzrə ilk dəfə keçirilən Azərbaycan çempionatının qalibi oldular. Yarışın təşkilatçılığı da əla idi. Oyunçuların həm əhval-ruhiyyəsi, həm də əzmkarlığı yüksək səviyyədə idi. Onlar əllərindən gələni etdilər və özlərinin yüksək səviyyəli oyunçu olduqlarını sübuta yetirdilər", - o deyib.
R.Əzizov vurğulayıb ki, "Azərreyl"in həm qadınlardan, həm də kişilərdən ibarət komandaları ötən il çimərlik voleybolu üzrə Avropa çempionu olublar:
"Azərbaycanda keçirilən yeni idman növləri üzrə yarışların əsas məqsədi beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanmağa hesablanıb".
Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan çempionatı "Şahdağ" Turizm Mərkəzində təşkil edilib.