Yuxarı
    Bağlamaq

    Azərbaycanın ağır atleti Rüstəm Qasımov Avropa çempionatının bürünc medalını qazanıb - FOTO

    O, birdən 77 kq, təkanla isə 93 kq ağırlığın öhdəsindən gələrək toplam 170 kq nəticə əldə edib

    Varşava. 11 sentyabr. REPORT.AZ/ Polşanın Novı-Tomısl şəhərində start götürən yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının ilk yarış günü başa çatıb.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin ilk günü mübarizəyə 44, 48 və 50 kq çəki dərəcələrində yeniyetmə qızlar və oğlanlar qoşulublar. Körpücük üzərinə ilk olaraq B qrupunda 48 kq çəkidə mübarizə aparan Azərbaycanın ağırlıqqaldırma yığmasının üzvü Gülbəniz Nəzərli çıxıb. O, toplam 102 kq nəticə ilə qrupda sonuncu yeri tutub.

    Daha sonra mübarizəyə A qrupunda 50 kq çəki dərəcəsində yeniyetmə oğlanlar qoşulublar. Bu çəki dərəcəsində ölkəmizi Novruz Muxtarlı və Rüstəm Qasımov təmsil ediblər. Ən yaxşı nəticəni isə Rüstəm Qasımov göstərib. O, birdən 77 kq, təkanla isə 93 kq ağırlığın öhdəsindən gələrək toplam 170 kq nəticə ilə ölkəmizin aktivinə Avropa çempionatının bürünc medalını qazandırıb.

    Novruz Muxtarlı isə mübarizəni 6-cı pillədə (153 kq) başa vurub. Bu çəki dərəcəsində qızıl medala bolqarıstanlı ağır atlet Rusev Angel (190 kq), gümüş medala isə Çexiya idmançısı Polak Frantişek (171 kq) yiyələnib.

    Bu gün keçiriləcək yarışın ikinci günündə ağır atletlərimiz Elməddin Hüseynov (yeniyetmə, 56 kq) və İsmayıl Məmmədov (gənclər, 50 kq) mübarizəyə qoşulacaqlar.

    Qeyd edək ki, qitə birinciliyinə 30 ölkədən 360 idmançı qatılıb. Avropa çempionatı sentyabrın 17-də başa çatacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi