Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası apreldə İsraildə keçiriləcək dünya çempionatında güclü heyətlə çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun Mətbuat Xidmətinə açıqlamasında bildirib.
O, Azərbaycan komandasının da yarışa dəvət aldığını söyləyib: "Ötən il qadınlardan ibarət yığma dünya çempionatında mübarizə apardı. Hərçənd, komandanın çıxışı o qədər də uğurlu olmadı. Yığma qrupdan çıxmağı bacarsa da, ilk pley-off görüşündə məğlub oldu. İsraildəki yarışda ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq. Yaxın günlərdə heyət və kapitan barədə məlumat veriləcək”.
Məmmədov Naxçıvanda təşkil edilmiş kişi şahmatçılar arasında Azərbaycan çempionatının nəticələri barədə də danışıb.
Federasiya rəhbəri yarışın qalibi Məhəmməd Muradlının yüksək oyun nümayiş etdirdiyini deyib: “İlk növbədə, Azərbaycan çempionatının qalibini və mükafatçıları təbrik etmək istərdim. Çempionatın qalibi Məhəmməd Muradlı çox yaxşı mübarizə göstərdi. İlk mərhələdə sıralamada 4-cü olmaqla son anda finala qoşulan Məhəmmədin əsəblərinin möhkəm olması çempionluqda ona kömək oldu. Final mərhələsində bütün oyunlarının gedişatına nəzarət etməyi bacardı və yekunda layiqli olaraq qızıl medal qazandı. Məhəmmədin istedadlı şahmatçı olması bizə məlumdur. O, hələ 2019-cu ildə ilk dəfə Azərbaycan çempionatında qalib gələndə diqqəti özünə cəlb etmişdi. Buna görə Məhəmmədin ikiqat çempionluğu bizim üçün sürpriz hadisə olmadı".
M.Məmmədovun fikrimcə, bürünc medalçı Aydın Süleymanlı yarımfinalda daha çox uğur qazana bilərdi: "Süleymanlı hər iki partiyada müəyyən üstünlüyə nail olsa da, sonda istədiyi nəticəni qazana bilmədi. Vaxtı düzgün paylaşdıra bilməməsi və müəyyən qədər təcrübəsinin azlığı sonda ona çətinlik yaratdı. Bu amillər Aydına finala çıxmağa imkan vermədi".
Federasiya prezidenti gümüş medalçı Misrətdin İskəndərovun da gözəl oyun sərgilədiyini diqqətə çatdırıb. O, digər şahmatçıların da çıxışlarına toxunub: "Xüsusən, İskəndərlinin ilk mərhələdə yüksək hazırlıq nümayiş etdirməsi bizi sevindirdi. Ötən ilin çempionu Vasif Durarbəyli yaxşı mübarizə göstərdi və sonda bürünc medala layiq görüldü. Milli komandanın üzvü Eltac Səfərlinin final mərhələsindən kənarda qalması gözlənilməz oldu. Bu, bir daha göstərdi ki, reytinq şahmatda nəticəni müəyyənləşdirmir. Çempion olmaq üçün yarış günü rəqibə qarşı ən yaxşı oyununu göstərməli və qalib gəlməyi bacarmalısan. Təəssüf ki, bu dəfə Eltac Səfərlidə alınmadı. Bununla belə, Səfərlinin yüksək səviyyəli şahmatçı olması hamıya məlumdur. Eltacın gələcəkdə böyük qələbələr qazanacağına inanırıq”.
M. Məmmədov eyni zamanda yarışın favoriti hesab edilən beynəlxalq qrossmeyster Nicat Abasovun çempionatda iştirak etməməsinin səbəbini açıqlayıb: “Təəssüf ki, çempionatda iştirak etmək istəyən Nicat Abasov koronavirusa yoluxması səbəbindən mübarizədən kənarda qaldı. Nicat çempionatda iştirak etsəydi, yarış daha maraqlı olacaqdı”.