Azərbaycan millisinin həndbolçuları: "Federasiyada özbaşınalıqdır"

Azərbaycan millisinin həndbolçuları: "Federasiyada özbaşınalıqdır" Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri gənclər və idman naziri Fərid Qayıbova məktub ünvanlayıblar
Komanda
11 Noyabr , 2021 11:06
Azərbaycan millisinin həndbolçuları: Federasiyada özbaşınalıqdır

"Xalqımızın necə əziyyətlər çəkərək, şəhidlərinin qanı bahasına işğal altında olan torpaqlarımızı geri qaytardığı hər kəsə məlumdur. Buna görə də haqlı olaraq Azərbaycan Rspublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulub, bu gün qeyri-iş günü elan olunub. Bu günü hər kəs kimi, biz - milli komandanın həndbolçuları da canlarından keçmiş şəhidləri yad etmək, onların məzarını ziyarət etmək istəsək də, Azərbaycan Həndbol Federasiyası yığma üzvlərini təzyiq altında məcburən məşqlərə cəlb edib".

"Report"un məlumatına görə, bu fikirlər kişi həndbolçulardan ibarət Azərbaycan millisinin üzvləri gənclər və idman naziri Fərid Qayıbova ünvanladıqları məktubda əksini tapıb.

Oyunçular bildiriblər ki, Azərbaycan Həndbol Federasiyasının (AHF) belə bir addımı eyni zamanda qeyri-iş günündə heç bir əsaslandırma olmadan məcburi əməyə cəlb edilmə deməkdir: "Halbuki federasiya rəhbərliyinin özü qeyri-iş günləri olduğu üçün həmin tarixdə işləmir".

Həndbolçular həmçinin aylıq maaşlarının zamanında verilmədiyini, verildiyi halda isə yarısının kəsildiyini söyləyiblər. Onların fikrincə, federasiyanı kimlərin necə idarə etdikləri heç kəsə məlum deyil və bu qurumda özbaşınalıq hökm sürür.

Yığma üzvləri problemlərin həlli, üzləşdikləri haqsızlıqlara son qoyulması üçün nazirdən kömək istəyiblər: "AHF-dəki özbaşınalıq və hərc-mərcliyin qarşısının alınması, idarətetməyə nəzarət olunması, bu idman növünün ölkədə inkişaf etdirilməsi, gənc və həvəsli həndbolçuların əmək haqlarını vaxtlı-vaxtında almaları, hüquqlarının qorunması üçün lazımi göstərişlər verməyinizi və öz qayğınızı əsirgəməməyinizi xahiş edirik".

Müraciəti Nicat Əzizov, Üzeyir Səlimov, Cavid İsmayılov, Orxan Əliyev, Rəsul Şərifli, Hacı İsmayılov, Saleh Vəliyev, Kamil Məmmədzadə, Vadim Skrebtsov, Xaliq Məlikov və Elşad Məmmədyarov imzalayıblar.

Qeyd edək ki, Azərbaycan həndbolçuları noyabrın 10-da Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə toplaşaraq, federasiya rəhbərliyi görüşə gəlməyənədək məşqləri boykot edəcəklərini bildiriblər.

AHF-in prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi