Yuxarı
    Bağlamaq

    Azərbaycan klubları Çempionlar Liqasında son oyuna çıxacaqlar

    Telekom İtaliyanın Konelyano, Azərreyl isə Polşanın Dabrova Qorniça klubu ilə qarşılaşacaq

    Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, saat 17:00-da "rabitəçilər" Bakıda azarkeşlər önünə çıxacaq.

    A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olacaq. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.

    5 turdan sonra xalsız olan "Telekom" növbəti mərhələ şanslarını tam itirib. Hazırda 9 xalla 3-cü yerdə gedən "Konelyano" isə "4-lər finalı"nın ev sahibi kimi artıq həlledici mərhələyə avtomatik vəsiqə qazanıb. Bu mənada görüş formal xarakter daşıyacaq. Amma Zoran Qayiçin komandası turniri xalsız tərk etməməkdən ötrü "qapını möhkəm çırpmağ"ı bacarmalıdır. 

    Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl" isə Polşada "Dabrova Qorniça"nın qonağı olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmanın hakimləri rusiyalı Nadejda Kozlova və estoniyalı Tomas Murulo olacaq. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası "pley-off"a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməlidir. Düzdür, rəqibinə 2:3 hesabı ilə uduzaraq, 1 xal qazandıqda da "Azərreyl" C qrupunu 2-ci pillədə başa vuracaq. Lakin bu, 6 komandanın yüksəldiyi "pley-off"a vəsiqə üçün kifayət etməyə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi