Bakı. 29 dekabr. REPORT.AZ/ "Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verib-verməyəcəyinə dair qərarı dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti verir. Cənab prezident qərar verərkən hərtərəfli fikirləşəcək". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Bu gün keçirilən mətbuat konfransında nazir 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verəcək ölkələr sırasında ABŞ-ın da olduğunu bildirib.
Onun sözlərinə görə, əvvəl ən böyük çatışmazlıq kompleks tədbirlərin olmaması idisə, artıq bu problem də aradan qaldırılıb: "Çox ağır sifariş ərizəsi olacaq. Dünyanın ən böyük ölkələri, o cümlədən ABŞ namizədliyini verəcək. Ən böyük çatışmazlığımız kompleks tədbirlərinin olmaması idi. Amma Avropa Oyunlarından sonra bu səbəbi gətirə bilməzlər. Soçi Olimpiadasına 3000 idmançı qatılmışdısa, bura 6000 idmançı gələcək".
A.Rəhimov Monakoda Tomas Baxın yeni konsepsiya təklif etdiyini də söyləyib. O, "2020-baxış" adlı konsepsiyanın müsbət cəhətinin federasiyalara tələblərin gündən-günə artmasından ibarət olduğunu vurğulayıb: "Bu baxış konsepsiyası yeni imkanlar açır".