Azərbaycanda kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydaları müəyyənləşib

Azərbaycanda kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydaları müəyyənləşib Bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilib
ASK
24 Yanvar , 2017 10:03
Azərbaycanda kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydaları müəyyənləşib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı məhsulları bazarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydaları müəyyən edilib. 

"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib. Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydalara edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerləri bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında bağlanılmış müqavilə əsasında mövcud yerlərin 20 faizindən az olmamaq şərtilə veriləcək. Bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında müqavilənin bağlanılması üçün kənd təsərrüfatı kooperativi ərizə ilə bazarın rəhbərinə (mülkiyyətçisinə) müraciət etməlidir. Ərizədə kooperativin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müəssisə rəhbərinin soyadı, adı, atasının adı, əlaqə vasitələri, bazarda satılacaq məhsulun növü, miqdarı və satış üçün tələb olunan yerlərin sayı barədə məlumatlar göstərilir. Ərizəyə kənd təsərrüfatı kooperativinin dövlət qeydiyyatı şəhadətnaməsinin surəti əlavə olunmalıdır. 

Bazarın rəhbəri ərizəyə 10 iş günü müddətində baxaraq, kənd təsərrüfatı kooperativinə bazarda ticarət yerlərinin verilməsi ilə bağlı müqavilənin bağlanılmasına dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edir. Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin (fermer mağazaları, yaşıl marketlər, kənd təsərrüfatı kooperativi bazarları, topdansatış mərkəzləri) təşkili üçün torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət edirlər. Yerli icra hakimiyyəti orqanları və ya bələdiyyə orqanları ərazi planlaşdırılması sənədləri, o cümlədən nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturunun imkanları nəzərə alınmaqla, 1 ay müddətində müraciətə dair müvafiq qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edirlər. 

Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin təşkili üçün istifadəyə və ya icarəyə götürmək istədikləri bina və ya qeyri-yaşayış sahəsi ilə bağlı dövlət əmlakının sərəncamçısına Əmlak Məsələləri Dövlət Komitəsinə və ya bələdiyyə orqanına müraciət edirlər. Əmlak Məsələləri Dövlət Komitəsi müraciətə 20 gün müd-dətində baxaraq, həmin və ya başqa bir binanın və ya qeyri-yaşayış sahəsinin kənd təsərrüfatı kooperativinə icarəyə verilməsi barədə qərar qəbul edir və ya əsaslandırmaqla əmlakı icarəyə verməkdən imtina edir. Bələdiyyə orqanı mülkiyyətində olan obyektlərin kənd təsərrüfatı kooperativinin istifadəsinə və ya icarəsinə verilməsi məsələsinə 20 gün müddətində baxır və rəsmi cavab verir. 

Kooperativlər satış şəbəkələrində iş rejimini, satılacaq məhsulların növünü və yerlərini müəyyənləşdirməli, satıcıları ticarət yerləri, ölçmə vasitələri ilə təmin etməli və ərazidə digər xidmətlərin (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitarepidemioloji nəzarət tədbirlərinin görülməsi və s.) göstərilməsini təşkil etməlidirlər. Kooperativ bazarında bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən həmin kooperativin üzvləri üçün mövcud yerlərin 50 faizindən az olmamaq şərtilə ticarət yerləri ayrılır.

Son xəbərlər

Orphus sistemi