Zaur Mikayılov Masallıda vətəndaşlarla görüşüb
- 25 dekabr, 2025
- 18:07
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Masallı rayonunda vətəndaşlarla görüşüb.
"Report" ADSEA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Viləşçay su anbarının inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Daha sonra Z. Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.