“Taxtakörpü su anbarı ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt ölkəmizin şimal zonasının su təminatı ilə yanaşı, Sumqayıt, Bakı və Abşeron yarımadasının da suya olan tələbatının ödənilməsində mühüm rol oynayır”.
“Report” xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda Su təsərrüfatı meliorasiya işçiləri günü münasibətilə keçirilən mediaturda jurnalistlərə bildirib.
O, Taxtakörpü su anbarının təməlqoyma mərasiminin 2007-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirildiyini, 2013-cü ildə isə istifadəyə verildiyini xatırlayaraq anbarın əhəmiyyətindən danışıb:
“Anbarın su mənbəyi əsasən Samur çayıdır. Son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda Samur çayında su axını azaldığı üçün məhz bu anbar vasitəsilə əhalinin içməli suya tələbatını etibarlı şəkildə təmin edə bilmişik. Açıq deyim ki, bu anbar istifadəyə verilməsəydi, son 4-5 ildə insanlar içməli suyu evlərinə qablarla daşımalı olardılar. Qeyd edim ki, bu anbar həmçinin şimal zonasının dağ çaylarından - Qudyalçay, Vəlvələçay, Qusarçay və s. qidalanır.
Anbarın unikallığı ondadır ki, həm ora daxil olan, həm də Ceyranbatana kimi ötürülən sular öz axını ilə həyata keçirilir”.
Z.Quliyev qeyd edib ki, anbar suvarma işində olduqca əhəmiyyətlidir:
“Şimal regionunda 50 min hektardan çox sahə bu anbardan suvarılır. Onlardan da 30 min hektarı yeni əkin sahələridir”.
Qeyd edək ki, Taxtakörpü su anbarının tutumu 268 milyon kubmetrdir. Anbarın hündürlüyü 136,5 metr, bəndinin uzunluğu isə 1 180 metrdir.