Yaxın Şərqin ən böyük azad ticarət mərkəzi Bakını hədəf alır - FOTOREPORTAJ

Yaxın Şərqin ən böyük azad ticarət mərkəzi Bakını hədəf alır - FOTOREPORTAJ Bakı limanı Avrasiyanı birləşdirəcək həlqə olacaq
İnfrastruktur
9 Noyabr , 2016 17:07
Yaxın Şərqin ən böyük azad ticarət mərkəzi Bakını hədəf alır - FOTOREPORTAJ

Dubay. 9 noyabr. REPORT.AZ/ 1985-ci ildə paket çay satan hindli səhrada yerləşən biznes mərkəzində səhv ofisə daxil olur və bununla da dünyanın azad ticarət zonasının mərkəzinin qurulmasına səbəb olur. Hindli ticarətçinin səhvi ucu-bucağı görünməyən 47,1 kv. km səhranı Avropa, Asiya və Afrikanın mərkəzinə çevirərək dünyanın 200 millətinin yaşadığı, il ərzində 5 milyon investor və turistin baş çəkdiyi əsas hublardan birinə döndərir. Söhbət Bakı Dəniz Ticarət Limanının təşkilaçılığı ilə bir qrup azərbaycanlı jarnalistin səfər etdiyi JAFZA kimi tanınan (Jebel Ali Free Trade Zone) Cəbəl Əli Azad Ticarət Zonasından gedir.

Dünyanın ən iri azad ticarət zonalarından biri olan JAFZA-ya giriş xüsusi icazə əsasında icra edilir. Azərbaycanlı jurnalistlər üçün bu icazəni 2016-cı ilin sentyabrında Bakı dəniz limanına məsləhətçi şirkət seçilən "DP World" şirkətlər qrupunun (dünyanın 40-dan artıq ölkəsində 77 daxili və liman terminallarına malik iri liman şirkəti) icraçı direktoru Sultan Əhməd bin Sulaim mümkün edir. Ancaq limana daxil olduqdan sonra dünyanın 120 ölkəsindən 7 mindən artıq şirkətin 27,87 mln. kv. metr ərazidə yaratdığı azad ticarət zonası anlayışının əslində hansı miqyasları özündə ehtiva etdiyini və nə olduğunu əyani surətdə yavaş-yavaş anlamaq olur. Burada təkcə Hindistanın 800 şirkəti cəmləşib. JAFZA-nın 17-ci ofisində S.Ə.Sulaimin bizi gözlədiyi ofisə doğru getdikcə yol boyu dünyanın "Toyota", "Maersk", "Rasasi", "Swarovski", "Liebherr", "Hanjin" "Star Energy Oil Tanking" və digər nəhəng şirkətlərinin anbar-depolarını və tonlarla öz növbəsini gözləyən yüklərini izləyirsən.

Cəbəl Əli limanı Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində yerləşən dünyanın ən iri limanlarından biridir. Limanın tikintisi 1976-1979 illəri əhatə edir. Bu gün limanda 145 mindən artıq iş yeri fəaliyyət göstərir. BƏƏ-yə birbaşa investisiyaların həcmi 32%-i üstələyir, təkcə Dubayın ticarət dövriyyəsi 87 mlrd. dollardan çoxdur. Dubay hər zaman tacirlər şəhəri olub, lakin burada heç kim qalmaq istəməyib. Şəhəri cəlbedici etmək üçün S.Ə.Sulaim azad ticarət limanı kimi fəaliyyət göstərən Honkonq, Sinqapur və Cənubi Koreyaya birillik səyahətə çıxıb. Səyahətin nəticəsində Dubayda müştərilərin saxlanılması üçün ilkin 4 layihə ilə JAFZA azad iqtisadi ticarət zonası salınıb. 1990-cı ildə Fars körfəzində başlayan İran-İraq müharibəsi bu işin güclənməsinə təsir göstərib. Xarici ticarət qurumlarının böyük əksəriyyəti öz ofislərini Dubaya köçürüblər. JAFZA sayəsində Dubay - Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzinə çevrilməyə başlayıb.

Bakı üçün JAFZA-nın uğurunun 3 əsas elementi

Ümumiyyətlə, limanın işinin uğurlu təşkil olunması üçün 3 - logistika, anbar və paylaşdırma komponentinin vacib olduğunu söyləyən S.Ə.Sulaim hesab edir ki, Bakı önəmli dayanacaq və yeganə həlqədir: "Bu gün Çin "One Belt One Rute" layihəsi ("XXI əsrin Dəniz İpək Yolu" və "İpək Yolunun İqtisadi Kəməri") ilə bütün həlqəni yenidən canlandırır. "DP World"un xəritəsinə diqqət etsəniz, Bakıdan başqa hər yerdə mövcud oluğumuzu görə bilərsiniz. Bu, mənim üçün çatışmaz məqamdır. İnanırıq ki, Bakı önəmli birləşdirici həlqədir. Fikrimcə, Azərbaycan dəmir yollarına investisiya yatırılması da həlledici əhəmiyyətə malik ola bilər. Bu, həlqəni birləşdirə, onun daha sürətli inkişafına səbəb olar".

Bakı limanına əlavə dəyər qatılacaq

"DP World" Bakı limanını Avrasiyanın birləşdirici mərkəzinə çevrimək istəyir. Bunun üçün də kifayət qədər təcrübəyə malik olduğunu düşünür. S.Ə.Sulaim Bakı ilə bağlı planlarını açıqlayarkən əsas diqqətin limana əlavə dəyər qazandırmaq istədiyini deyir.

"Yük gəmilərinin sadəcə Bakıdan yan keçməsini istəmirik. Düşünək ki, Bakı limanına xeyli yük gəlir-gedir. Sonra? Biznesmenləri əlavə dəyər üçün cəsarətləndirməliyik. Məsələn, yükləri buraya gətirəndən sonra müəyyən qablaşdırma işlərini həyata keçirmək. Əvvəlcə soyuducu tam şəkildə gətirilə, daha sonra isə onun hissələri məhz Bakıda yığıla bilər. Liman üçün yüngül sənaye çox asan və önəmlidir. Və ya kimyəvi ləvazimatları - Xəzərdə xeyli neft yataqları var. Dənizdə neft sənayesində işləyən insanların depoya, kimyəvi ləvazimatlara ehtiyacları olur", - deyə o əlavə edib.

Neft və qaz ehtiyatlarına malik Azərbaycan enerji qiymətlərinin ucuz dövründən istifadə edərək ölkəyə daha çox gəlir gətirə bilər. "DP World" təklif edir ki, Azərbaycan xam neft məhsullarını satmaq əvəzinə, onların emalı sayəsində gəlirlərinin həcmini çoxalda bilər. Azərbaycanın xam şəkildə satdığı enerji ehtiyatları daha sonra Sinqapur və başqa ölkələrdə emal edilir. Yenidən ölkəyə baha qiymətə satılır. Azərbaycanın okeana çıxışının olmaması nəqliyyat xərclərini də artırır. Bu, xərc tələb edən sahə olsa da, perspektivləri böyükdür.

Büdcə vergi yox, gəlirdən dolur

Cəbəl Əli limanının bu gün dünyanın azad ticarət mərkəzinin olmasının əsas uğuru Dubay şəhəri hesab edilir. Ərəblər hesab edirlər ki, liman şəhərdən çox uzaq səhrada yerləşsəydi, bu gün buraya heç kim qayıtmaq istəyəməyəcəkdi. İnsanları buraya cəlb etmək, onların bu şəhərdə yaşayıb-yaratmaqları üçün şəhərdə infrastruktur, telekommunikasiya, turizm və əyləncə mərkəzləri, otellər, yollar, beynəlxalq standartlara cavab verən qidalanma mərkəzləri yüksək səviyyədə təşkil olunub. Bu isə öz növbəsində ölkəyə investisiyaların yatırılmasına səbəb olur. Şəhərin əsas gəlir mənbələrindən biri kimi turizm minlərlə iş yerinin açılmasında və Dubayın büdcəsinin formalaşmasında iştirak edən iqtisadiyyatın əsas seqmentidir. 1992-ci ildə Dubayı təxminən 2 mln. turist ziyarət etmişdisə, bu gün şəhərə gələn turistlərin sayı 15 milyonu üstələyir.

Şəhər iqtisadiyyatının stimullaşması üçün ölkəyə gələn investorlar 25 il müddətinə də vergilərdən azaddırlar və bu müddətdən sonra sahibkar vergi öhdəliyindən daha 25 il müddətinə sərbəst olur. Şəhərin inkişaf konsepsiyasına görə, gəlir vergilərdən deyil, dolayısı ilə gəlirlərdən əldə edilməlidir. Odur ki, şəhərə milyonlarla turistin gəlməsi, mövcud şəraitdən istifadə etməsi birbaşa gəliri formalaşdırır.

Azərbaycan Prezidenti ilə görüş

"Ölkənin iqtisadi inkişafı üçün siyasi sabitlik mühüm amildir. Siyasət opium kimidir və insanlar ona aludə olduqda heç nə yaratmırlar. Bu gün Dubayda insanlar siyasətdən danışmırlar, onları hara getmək, necə gəlir əldə etmək, nə almaq maraqlandırır", - deyən. S.Ə.Sulaim hesab edir ki, tərəqqi üçün bu cür mədəniyyət önəmlidir:

"Azərbaycanda səfərdə olduq, Prezident İlham Əliyevlə görüşdük. Ona böyük rəğbət bəsləyirəm. İlk dəfə onunla Azərbaycanda ARDNŞ-in vitse-prezidenti olduğu dövrdə tanış olmuşdum. O, dəfələrlə Dubayda olub, şəhərimizi bəyənib və öz ölkəsi üçün də Dubayın inkişaf modelini seçib. Dubay Azərbaycan üçün yaxşı nümunədir. 20 il əvvəl mən təsəvvür etməzdim ki, Bakı belə bir şəhərə çevriləcək. Şəhər olduqca tərəqqi edib".

One Stop Shop 

Cəbəl Əli Azad Ticarət Zonasının investorları cəlb edən əsas xüsusiyyəti şirkət sahiblərinə 100%-lik sahibkarlıq hüququnun verilməsidir. Əks halda qeydiyyatdan keçən şirkətin səhmlərinin 51%-i yerli müəssisələrin sərəncamına verilir, yaxud baş direktor BƏƏ vətəndaşı seçilir.

Limanın 14, 15, 16, 17 rəqəmləri ilə qeyd edilmiş inzibati binaları şirkətlərin fəaliyyətinin təşkili üçün tələb olunan çoxsaylı xidmətləri vahid mərkəzdə təklif edirlər. Bu, həm zaman itkisinin, həm də bürokratik halların baş verməsinin qarşısını alır. Bununla yanaşı, vahid pəncərə konsepsiyasını ehtiva edən bu prosesi birbaşa onlayn şəkildə Dubay ticarət portalı və ya "Jafza Mobile App" tətbiqi üzərindən də həyata keçirmək mümkündür.

Təkcə Dubay ticarət portalında 162-dən artıq xidməti - azad zonada qeydiyyatdan keçmək, lizenziya almaq, zonada inzibati işlər, işə götürülən xarici vətəndaşların sənədlərinin rəsmiləşdirilməsi, iş icazəsinin alınması, sığorta məsələləri, onlayn ödəniş xidmətləri, viza almaq, şirkətin məşğulluq kartının yenilənməsi, zəruri sənədlərin siyahısının hazırlanması, kommunal xidmətlər, müqavilənin yenilənməsi, işçinin müqaviləsinin hazırlanması və s. reallaşdırmaq mümkündür.

Bakı ilə bağlı hədəflər

Bakı limanında məsləhətçi qismində çıxış edəcək "DP World" Bakıdan keçəcək yüklərin həcmini 10 dəfə artırmaq niyyətindədir. Şirkətin baş direktoru hesab edir ki, bu prosesin asan həyata keçirilməsi həm də Rusiya, Çin və Qazaxıstanın gömrük prosedurlarının sürətli olmasından asılıdır.

Hökumət sərmayəçinin düşmənidir

Ölkəyə investorların cəlb olunmasının əsas şərti sabit qanunların olmasıdır. Hər bir sərmayədar onun fəaliyyətini qoruyacaq, biznesinin təhlükəsizliyinin zəmanəti olacaq rəsmi qanunların olmasını və işləməsini istəyir. Ölkəyə gələn sahibkar bütün biznes şəraiti ilə tanış olduqdan sonra verdiyi ilk sual qanuna əsasən öz hüquqlarının nədən ibarət olduğu olur. Bunun üçün zəmanət istəyir. Ona görə də Azərbaycan da azat ticarət zonasının yaradılması üçün vahid qanun qəbul etməlidir.  

Son xəbərlər

Orphus sistemi