Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda Süleyman Vəzirov küçəsinin təmiri işlərinə start verilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ikiqat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq.
Səth suların yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyününü qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min kv. metr sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1 500 poqon metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək.



