Xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Azərxalça”da olublar
- 01 iyun, 2021
- 13:42
1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də də qeyd olunub.
Bu barədə “Report” “Azərxalça” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, “Azərxalça” ASC, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Bakının Yasamal rayonunda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Azərxalça” ASC-nin Qobu emalatxanasında xüsusi tədbirlər təşkil olunub.
Tədbir zamanı uşaqlar xanalarda xalça toxuyub və milli xalça naxışları və çeşnilərin boyanmasında iştirak ediblər.
UAFA-nın Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin “Ailələrlə iş” bölümünün rəhbəri və mütəxəssisi Zəhra Xələfova xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli, sehrli rənglərinin də əslində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox yaxşı reabilitasiya üsulu olduğunu vurğulayıb. Xüsusilə də, pandemiya dönəmində reabilitasiya mərkəzinin xidmətlərindən uzun müddət onlayn şəkildə yararlanan uşaqlar üçün təşkil olunan bu tədbir çox faydalı olmaqla yanaşı, maraqla qarşılanıb.
“Azərxalça” ASC və UAFA yalnız Bakıda deyil, regionlarda da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə işləri növbəti layihələr şəklində davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.