Ucar rayonunun bəzi küçə və prospektlərinin, o cümlədən Nizami Cəncəvi küçəsinin kanalizasiya xətləri bərbad vəziyyətdədir.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna N.Gəncəvi küçəsinin sakinləri bildiriblər.
Qeyd edək ki, N.Gəncəvi küçəsi elə rayonun mərkəzində yerləşir. Sakinlər bildirirlər ki, problemlə bağlı illərdir aidiyyəti qurumlara müraciət ediblər, lakin bəzi küçələrdə olduğu kimi burada da hər hansı iş görülməyib.
Bəs nəyə görə uzun illərdir göz önündə olan problem indiyə qədər həll edilməyib? Problemin həlli ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, artıq məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edilib, layihə təqdim olunub. Layihə təsdiq edilən kimi Ucar şəhərində kanalizasiya sistemləri yenidən qurulacaq, bununla da şəhərdəki açıq kanallara axan tullantı sularının tamamilə qarşısı alınacaq, kanalizasiya suları qapalı sistemlə kənarlaşdırılacaq.