Türkmənistanda beş ölkənin dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib
- 01 mart, 2016
- 07:10
Bakı. 1 mart. REPORT.AZ/ Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Görüşdə Şərq-Qərb multimodal nəqliyyat dəhlizinin inkişafı, regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat proseduralarının optimallaşdırılması məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanovla Tükmənistanın dəmir yolları naziri Bayram Annemeredov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yollarının vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilib.
Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.