TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib

TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib.
İnfrastruktur
102
22 Oktyabr , 2021 09:19
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasın proqramına TRASEKA Hökumətlərarası Komissiyasına sədrliyin Azərbaycandan Bolqarıstana ötürülməsi, eləcə də TRASEKA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir Rəşad Nəbiyev TRASEKA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkəmizin adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstana təhvil verib.

Nazir ölkəmizin sədrliyi dövründə TRASEKA çərçivəsində, eləcə də ölkəmizin Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində gördüyü işlər barədə danışıb.

Çıxışda, həmçinin ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRASEKA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

Eyni zamanda, TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

İclasın sonunda TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi