Dağın tanrılarının görüşdüyü yer - Nemrutdan REPORTAJ

Dağın tanrılarının görüşdüyü yer - Nemrutdan REPORTAJ Adıyamana səfərimizin son gününə yaxınlaşırıq.
Mədəniyyət siyasəti
11 May , 2024 10:08
Dağın tanrılarının görüşdüyü yer - Nemrutdan REPORTAJ

Adıyamana səfərimizin son gününə yaxınlaşırıq. Adətən ölkə xaricində səfərlərimin son günləri bir qədər üzülsəm də, bu dəfə fərqli əhvaldayam. Çünki səfərimizin son günü Tanrıların dağı kimi tanınan Nemrut dağı məni gözləyir.

Dostlarla “günəşin doğuşu və qürubun ən gözəl göründüyü yer” olduğu deyilən Nemrut dağına günün hansı saatında çıxmaq istəyimizlə bağlı müzakirələrimiz davam edir. Düzünü desəm, vaxt məhdudiyyəti olmasa, bu sirli məkana günün hər iki hissəsində getmək istərdim. Lakin budəfəki seçimimiz qürub çağı olur. Elə bu səbəbdən səhərdən axşamadək Kahta rayonunda nə qədər tarixi məkan varsa, hər birini görmək, gəzmək qərarına gəlirik.

Ötən gün Tut kəndində sonlanan səfərimiz Nemrut Dağı Milli Parkı Qoruma ərazisinə doğru Arsemia əyalətində yerləşən Karakuş tümülüsü kimi bilinən tarixi abidələrdən birinə doğru davam edir. Bu abidə Kommaqena krallığı ailəsinin qadınlarına məxsus məqbərədir. Hündürlüyü 20 metr olan abidənin cənubunda daha bir sütun ucaldılıb ki, üzərində qartal heykəli olduğuna görə yerli camaat onu “karakuş” adlandırıb.

Abidənin şərqində 10 metr hündürlüyündə iki sütun var. Sütunların birində öküz, digərində isə şir heykəli motivi olub. Lakin günümüzə yalnız öküz motivi gəlib çatıb ki, onun da başı itib.

Burada daha bir sütun üzərində Mitridatın bacısı Laodike ilə salamlaşdığını əks etdirən relyef var. Sütun üzərindəki kitabədən məqbərənin kral Antioxun həyat yoldaşı İsia, qızı Antioxis və nəvəsi Akaya aid olduğu anlaşılır. Ona görə, bu yer xalq arasında “qızlar məzarı”, yaxud “kraliçalar məzarı” olaraq bilinir.

Gəzintidə bizə qoşulan Adıyamanın mədəniyyət və turizm müdiri Abuzer Gelse deyir ki, Mitridatın bacısı Laodike ilə salamlaşdığını əks etdirən relyefin olduğu sütun ötən il 6 fevralda baş verən zəlzələdə aşıb: “Bu zaman 2 min il əvvəl bu sütunları inşa edən daş ustalarının dairə şəklində olan daş lövhələr üzərində onların düzülüş sırasını qeyd etdikləri məlum olub. Bu, sanki o zaman 2 min il sonra üçün verilən bir mesaj idi. Məhz həmin qeydlər nəticəsində abidə qısa müddət ərzində təmir edilib”.

Havanın isti olmasına baxmayaraq ətrafda kifayət qədər turist gözə çarpır. Elə istidən biz də nəsibimizi alıb avtomobilimizə doğru irəliləyirik. Səfərimizin növbəti istiqaməti qədim Arsemia şəhəri olsa da, yol üzərində yerləşən Cendere körpüsünü görmək istəyimiz barədə bələdçimizi məlumatlandırırıq.

Cendere körpüsü Adıyamandan axan Cendere çayı üzərində yerləşən tarixi körpüdür və dünyada hələ də istifadə edilən ən qədim körpülərdən biri hesab olunur. Körpünün arxasındakı qayaların üzərindən boylanan günəş əsrarəngiz görüntü yaradır. Tarixi tikilinin yaxınlığında, çayın ətrafında insanların bura dincəlmək üçün üz tutduğunu müşahidə edirəm. Çayın ətrafında tarixdən zövq alaraq sərinlənmək də maraqlı bir təcrübədir.

Bu gün günəşi Nemrut dağında batırmaq üçün tələsirik. Lakin dağ özünə gedən yollar üzərinə döşənmiş gözəlliklərlə bizi aldatmağa, yubatmağa çalışır. Çaylar, kiçik şəlalələr, dağlar arasından qalxan mənzərəli cığırlar, dağlardakı oyuqlardan görünən saysız-hesabsız mağaralarla bəzənmiş yollarla qədim Arsemiaya doğru qalxırıq. Avtomobilimiz bizi müəyyən bir hissəyə qədər qaldıra bilər. Davamını isə ayaqla qalxmaq məcburiyyətindəyik.

Arsemia xarabalıqları kral I Antioxun kitabələrində qeyd edildiyi kimi eramızdan əvvəl II əsrin əvvəllərində Köhnə Kahta qalası ilə üzbəüz Kahta çayının şərqində Kommaqenlərin əcdadı Arsemez tərəfindən qurulan krallığın yay paytaxtı və inzibati mərkəzi hesab olunub. Cənubda mərasim yolunda Mitranın relyefi olan sütun, ritual platformasında Antiox-Heraklın salamlaşma relyefi və qarşısında Anadoluda məlum olan ən böyük yunan yazısının həkk olunduğu daş kitabə yerləşir.

Yazının yerləşdiyi yerdən başlayaraq 158 metr dərinliyə qədər uzanan tunel və kitabənin qərbində də analoji qaya dəhlizi var. Dəhlizlə mağaraya doğru irəliləməyə çalışsam da, girişdən bir qədər qabaqda mağaraya gedən yolun dəmirlərlə bağlandığını görüb təəssüflənirəm.

Qədim daş pilləkənlərlə qayalar üzərindən məbədə doğru gedən yoldan açılan mənzərə bütün yorğunluğumu unutdurur. Buradan baxanda Adıyaman sanki ayaqlarınızın altına sərilibmiş hissi yaradır.

Məbəd o qədər hündürdə yerləşir ki, buradan qarşıdakı dağın zirvəsi, günəşin hərəkət trayektoriyası aydın görünür. Tarix və arxeologiya həvəskarları üçün qədim Arsemia şəhəri keçmişin izlərini kəşf etmək və Kommaqena krallığının mirasını görmək üçün vacib yerlərdən biridir. Nemrut dağında məni gözləyən möhtəşəm mənzərəni bir an belə unuda bilmir, saatın əqrəbləri ilə yarışıram. Elə bu səbəbdəndir ki, təxminən yarım saata qalxdığım zirvəni 15 dəqiqəyə enirəm.

Nəhayət ki, günlərdir səbirsizliklə səfər etməyi gözlədiyim məkana - Nemrut dağına doğru yola çıxırıq.

Tarixi tikili Adıyamanın Kahta rayonunda 2206 metr hündürlükdə Nemrut dağının yamaclarında tanrılara və əcdadlarına şükranlarını bildirmək üçün hökmdarlıq edən Kommaqeniya kralı I Antioxun məzarı, monumental heykəlləri və unikal mənzərəsi ilə Hellenistik dövrünün ən möhtəşəm qalıqlarından biridir.

Heykəllər şərq, qərb və şimal terraslarında yerləşdirilib. Şərq terrası müqəddəs mərkəzdir və buna görə də ən mühüm heykəltaraşlıq və memarlıq qalıqları burada yerləşir. Yaxşı qorunub saxlanılan nəhəng heykəllər əhəngdaşı bloklarından hazırlanıb və hündürlüyü 8-10 metrdir. Bu gün heykəllərin mövcudluğu məlum olsa da, padşahın məzarı hələ aşkarlanmayıb. Sözügedən möhtəşəm tarixi abidə 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

2 min metrdən yüksək dağın yamacına çatanda avtomobilimiz dayanır və bundan sonra geri qalan məsafəni yeriyərək qət etməli olduğumuz bildirilir. Hava getdikcə soyuyur, lakin hündürlüyə qalxmaq üçün sərf etdiyim enerjiyə əks olaraq bu sərinlik xoş təsir bağışlayır. Bura Türkiyədə turistlərin marağını çəkən ən unikal məkanlardandır desəm, yanılmaram. Elə ona görə Nemrut dağına qalxarkən ətrafda onlarla fərqli dillərdə danışan insanların olduğunu da müşahidə edirəm. Bir qədər sonra artıq zirvəyə çatıram və qarşıma həmin o əsrarəngiz və sirli heykəllər çıxır...

Nemrutda ab-hava o qədər mistikdir ki, hətta bura axışan insan seli belə onu korlaya bilmir. Uşaq kimi sevinirəm, sanki ruhum uzun zamandır çatmaq istədiyim bir arzunun həyata keçməsinə sevinərək qanad çalır.

Yanımda Adıyamanın mədəniyyət və turizm müdiri Abuzer Gelse ilə Şərq terrasına doğru gedən cığırla irəliləyirik. Mənzərənin gözəlliyindən “İlahi, necə möhtəşəmdir!”-deməkdən özümü saxlaya bilmirəm.

Abuzer bəylə söhbətlərimizdən birində buradan hazırlayacağım reportajla bağlı çox həyəcanlı olduğumu demişdim. Məhz bu sözümə istinadən mənim üçün mədəniyyət və turizm müdirliyi tərəfindən hazırlanan iki sürprizdən ilkinə doğru irəlilədiyimizdən xəbərsizəm.

Həm Şərq, həm də Qərb terraslarında tanrı heykəllərinin taxtlarını təşkil edən daş blokların arxasında yunan hərfləri ilə yazılmış 237 sətir uzunluğunda Nomos kult yazısı var. Burada həmin yazılara Nemrutun duası və bədduasının yazıldığı daş lövhələr də deyilir. Hansı ki, qorunan ərazi olduğu üçün heykəllərin arxasına keçməyə icazə olmadığı üçün dolayısı ilə həmin yazıları da görmək çox vaxt sadəcə arxeoloqlara qismət olur.

Şərq terrasında heykəllərin arxasına doğru irəliləyəndə burada bizi müşayiət etmək üçün gözləyən arxeoloqlar gözə dəyir. Bu zaman ilk sürprizin məhz həmin daş lövhələri görmək olduğunu anlayıram. Onlara toxunan, yaxından görə bilən şanslı insanların sırasında olmaq sevinci ilə yuxarı doğru qalxıram.

E.ə. 163 – e.ə. 72-ci illərə aid nəhəng tikiliyə toxunacaq qədər yaxına gedə bilməyimin səbəbi hər halda bura həddən artıq gəlmək istəyimlə əlaqədardır deyə düşünürəm. Necə deyərlər, mən Nemrutu sevdiyim kimi, o da məni sevdi.

Qürub çağı qızaran üfüqün isti rəngləri bir-birini əvəz edəndə heykəllərin fonunda yaranan mənzərə məncə hər kəsi heyran etməyə qadirdir.

Heykəllər soldan sağa Apollon, Mitra, Helios, Hermes, Kommaqenin məhsuldarlıq ilahəsi Tyche-Fortuna, baş tanrı Zevs, Oromasdes, kral Antiox, Herakl və Aresi təsvir edir.

Bir qədər aşağıda dayanan qoruq işçiləri bizi səsləyir, başa düşürəm ki, deyəsən bəhs edilən ikinci sürprizə hazırlıqlar tamamlanıb. Aşağı enib qayanın üzərində dayanan qapısı bağlı anbara tərəf irəliləyirik. Abuzer bəy mənə dünyanın bilinən ilk astrologiya xəritəsi ilə tanış edəcəyini deyir. Açılan qapılar 2 min əvvəl bu torpaqlarda yaşayan antik Kommaqeniya Krallığı xalqının göy üzünə olan marağını təsvir edən xəritəni-heykəli arxasında gizləyirmiş.

Onlar bu xəritəni Aslanlı qoroskop adlandırır. Nemrut dağında araşdırma aparan yerli və xarici alimlər üzərində ulduzların, ayparaların mənasını açıqlayır və bildirirlər ki, heykəl üstündəki ulduzların hər 25 min ildən bir baş verən astroloji hadisəni simvolizə edir. 2 min metr hündürlükdəki nəhəng heykəllərin yerləşdiyi Nemrut dağında sağa doğru yeriyən şir fiqurlu qoroskop 0,47 santimetr qalınlığında, hündürlüyü 175 santimetr, eni 240 santimetr olan naxışlı daş lövhədən ibarətdir.

Qum daşından hazırlanmış Aslanlı qoroskopun boynunda aypara, bədənində isə 8 guşə ilə xarakterizə olunan 19 ulduz var. Aslanın kürəyində 16 böyük planet təsvir edilir. Onların yanındakı mətndə qeyd olunur ki, bunlardan üçü Mars, Yupiter və Merkuridir. Məhz bu üç planet eyni xətt üzərinə yalnız 25 min ildə bir gəlir. Həmin təbiət hadisəsinin ən yaxın bundan 2 min il öncə baş verdiyi öyrənilib. Bu tarix miladdan sonra 62-ci il 14 iyul axşam 19:37-ni göstərir.

Təsvir edilən tarix kral Antioxun tacqoyma mərasimi üçün xüsusi olaraq seçilmiş bir tarixdir və bu abidə həmin vaxtı tam dəqiqliyi ilə göstərir. Teleskopun, peyklərin, hesablayıcıların olmadığı bir vaxtda dünyada 25 min ildə meydana gələn bir hadisənin tam olaraq hesablanması və Antioxun tacqoyma mərasiminin məhz həmin gündə keçirilməsi xüsusilə maraqlı və sirlidir.

Kommaqenlilər üçün çox müqəddəs hesab edilmiş və dini yazı kimi qorunub saxlanılan və Nemrut dağının qərb terrasında yerləşən Aslanlı qoroskop 2003-cü ildə Nemrut dağının şimalında inşa edilən Müvəqqəti Bərpa Evinə köçürülüb və ziyarətçilərə göstərilmir.

Nemrut dağının məndə yaratdığı emosiyalara öyrəndiyim yeni məlumatların və antik tarixə toxuna bilməyin həyəcanı da əlavə olunur. Mübaliğə etməyi sevmirəm, məncə hər kəs ömründə bir dəfə də olsa, yolunu Nemrutdan salıb, buradakı ab-havanı hiss etməlidir.

Bu günə qədər qürubun ən gözəl çalarlarını gördüyüm Nemrut dağı və antik Kommaqena mirası ilə yolumun bir daha kəsişəcəyinə ümid edərək hələlik onunla sağollaşıram.

Son xəbərlər

Orphus sistemi