Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planını müzakirə edib.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu gün Qazaxıstanın paytaxtı Astanada səhmdar cəmiyyətinin və "Qazaxıstan Dəmir Yolu" SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib.